Bakı Dövlət Universitetinin professoru yenidən dünyanın ən nüfuzlu 2 faiz alimləri siyahısında

 

Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin yer aldığı TOP 2 faiz siyahısının 2024-cü il üzrə nəticələrini açıqlayıb. Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev bu siyahısında yer alıb. Qeyd edək ki, Azərbaycanda riyaziyyat sahəsi üzrə yalnız professor Vaqif Quliyev 2019-cu ildən bəri 6-cı dəfədir ki bu reytinq cədvəlinə daxil olub. Bununla da, ABŞ universiteti  BDU Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunda son 20 il ərzində Li qruplarında və hiperqruplarda harmonik analizin müasir problemləri, banax qiymətli funksional fəzalar, xüsusi törəməli diferensial tənliklərin requlyarlıq problemləri, Lokal və qlobal Morri tipli fəzalarda Harmonik analizin müasir problemlərinin tədqiqi və s. istiqamətlər üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib.

Stenford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlini 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında hazırlayır. Bu siyahı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2 %-nə daxil olan alimlər seçilirlər.

Reytinq tərtib edilərkən iki əsas istiqamət-tədqiqatçıların 1788-2024-cü ilin sonuna qədər olan karyerasını əhatə edən “Career-long impact” və yalnız 2024-cü ildə alınan sitatlar və nəşrləri əks etdirən “Single recent year” göstəriciləri əsas götürülərək qiymətləndirmələr aparılır. 

Ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə – 2, 2021-ci ildə – 8, 2022-ci ildə – 14, 2023-cü ildə – 13, 2024-cü ildə – 21 alimin adı daxil edilib. “Single recent year” (yalnız 2024-cü ildəki nəşrlər və sitatlar) göstəricilərinə əsasən isə Azərbaycan üzrə 41 alim siyahıya daxil edilib. 

Stanford Universitetinin tərtib etdiyi bu nüfuzlu reytinq dünyanın ən azı 5 elmi məqaləyə sahib olan 100.000 alimindən yalnız ilk 2%-lik qrupa daxil olanları əhatə edir. Qiymətləndirmə 22 əsas elmi sahə və 147 alt sahə üzrə aparılıb. Reytinqin formalaşdırılmasında ümumi istinad sayı, h-indeks, müəlliflik mövqeyi (tək, birinci, sonuncu müəllif), özünə istinad və istinadsız göstəricilər, sitatların neçə müxtəlif məqalədən olduğu kimi metriklər əsas götürülüb.

Bu münasibətlə professor Vaqif Quliyevi institutun kollektivi adından təbrik edir, uğurlar diləyirik. 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət